ABŞ Çini qlobal ticarətdən uzaqlaşdırmağa çalışır
ABŞ rəhbərliyi digər ölkələrdən Çinlə ticarəti məhdudlaşdırmağı tələb edərkən öz imkanlarını həddindən artıq qiymətləndirib və vəziyyəti düzgün dəyərləndirməyib.
TodayPress xəbər verir ki, bu barədə "The Global Times" məlumat yayıb.
Vaşinqton bu dəfə “güzəştli tariflər” adı altında ticarət tərəfdaşlarını Çinlə əlaqələri zəiflətməyə sövq edib.
Bu yanaşma, nəinki Çini zəif qiymətləndirmək, həm də qlobal iqtisadi və ticarət qaydalarının pozulması deməkdir. Məqalədə bildirilir ki, ABŞ-nin digər ölkələri tərəf seçməyə məcbur etməsi və Pekini cilovlamaq cəhdləri beynəlxalq iqtisadi sistemə zərbə vurur.
Çin isə bu cəhdlərə cavab olaraq təkcə milli maraqlarını deyil, həm də qlobal ticarət qaydalarını müdafiə etdiyini vurğulayır.
Nəşr yazır ki, ABŞ-nin Çinin dünya ilə iqtisadi və ticarət əlaqələrini kəsməyə yönəlmiş siyasəti "çəngəllə şorba içməyə çalışmaq" kimidir və müvəffəqiyyətsizliklə nəticələnəcək.
Xatırladaq ki, aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp 185 ölkədən gətirilən məhsullara əlavə gömrük rüsumları tətbiq edib.
Bir sıra ölkələr üçün bu rüsumlar bazar dəyərinin 20-30 faizinə çatıb.
Lakin Tramp sonradan 90 günlük güzəşt dövrü elan edib və bu müddət ərzində əsas tarif 10 faiz olaraq müəyyən edilib.
İstisna isə Çin olub – Çin məhsullarına 145 faiz rüsum tətbiq olunub. Cavab olaraq, Pekin də ABŞ məhsullarına 125 faiz rüsum qoyub.
Töhfə Səməd
tag: ABŞ,Çin,Qlobal,Ticarət,Todaypress.az,