ABŞ bankları kredit kartları üzrə risklərə qarşı ehtiyat görməyə başladı
ABŞ-nin aparıcı maliyyə qurumları ölkədə mümkün istehlak tənəzzülünə və kredit kartları üzrə gecikmiş ödənişlərin artmasına hazırlaşır. Narahatlığın əsas səbəbi prezident Donald Trampın başladığı ticarət müharibəsi və onun ABŞ iqtisadiyyatına potensial təsiridir.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” bank sənədlərinə istinadla məlumat yayıb.
Hələlik prezidentin siyasəti bankların maliyyə göstəricilərinə ciddi təsir etməsə də, bəzi banklar əlamətverici yavaşlamaları – məsələn, əyləncə və tətil xərclərinin artım tempinin zəifləməsini müşahidə etməyə başlayıblar.
ABŞ vətəndaşlarının kredit kartı ilə xərclərini azaltması isə banklar üçün gəlir itkisi demək olacaq.
Bundan əlavə, gecikmiş ödənişlərin həcmi pandemiya dövrünə yaxınlaşaraq tədricən artır.
Bu səbəbdən “JPMorgan Chase” və “Citigroup” kimi iri maliyyə qurumları potensial gəlir itkisini qarşılamaq üçün ehtiyat fondlar yaratmağa başlayıblar. Digər şirkətlər də tədbir görür:
“Synchrony” kredit kartlarının verilməsində şərtləri sərtləşdirib, “U.S. Bancorp” isə daha geniş auditoriya əvəzinə varlı müştərilərə üstünlük verən yeni siyasətə keçib.
“JPMorgan Chase”in maliyyə direktoru Ceremi Barnum qeyd edib ki, hazırda əsas diqqət gələcəyə yönəlib və bu gələcək, şübhəsiz ki, son dərəcə qeyri-müəyyəndir.
Qiymət Mahir
tag: ABŞ,Kredit,Kart,Risk,Todaypress.az,