25 minlik kontingent sual altındadır

Dünya

30.04.2025 15:50

28

Avropa ölkələrinin ordularının həm say, həm də maliyyə baxımından çatışmazlıqları səbəbilə Ukraynaya 25 minlik sülhməramlı qüvvə göndərmək planı ciddi maneələrlə üzləşib. 

TodayPress xəbər verir ki, bu barədə “The Times” yazıb.

Britaniyanın müdafiə qərargahının rəisi Toni Radakin Avropa həmkarlarına Ukraynaya göndərilməsi üçün 64 min nəfərlik kontingent formalaşdırmağı təklif etsə də, sonrakı görüşlərdə Avropa ölkələrinin müdafiə nazirləri bu sayda qoşunun mümkün olmadığını bildiriblər. Onlar qeyd ediblər ki, yalnız 25 minlik kontingentin belə yaradılması böyük birgə səylər tələb edir.

Məlumata görə, Avropa müdafiə nazirləri aprelin 10-da keçirilmiş “istəkli koalisiya” görüşündə və daha sonra Brüsseldə məhdud tərkibdə keçirilən iclaslarda bu məsələ ilə bağlı ciddi narahatlıq ifadə ediblər. Onların hesablamalarına görə, kontingentin iki il ərzində rotasiya ilə saxlanılması üçün ümumilikdə 256 min hərbçi tələb olunur.

“The Times” qeyd edib ki, Britaniya maksimum 10 min əsgər göndərməyə hazır olduğunu bildirib. Fransa isə 5–10 min arasında hərbçi göndərə biləcəyini açıqlayıb. Estoniya və Finlandiya isə sərhədlərinin müdafiəsini zəiflədəcəyi qorxusu ilə ehtiyatlı yanaşırlar. Polşa, İspaniya və İtaliya isə ordularını göndərməyəcəklərini açıq şəkildə bəyan ediblər. Finlandiya və Almaniya isə, mənbələrin sözlərinə görə, ümumilikdə quru qoşunların göndərilməsinə qarşıdır, lakin Berlin bu ehtimalı tam istisna etməyib.

Eyni zamanda, Avropa ölkələri Rusiya tərəfindən mümkün hücum halında hansı tədbirlərin görüləcəyinə dair də suallar qarşısındadır. Ən real planlara əsasən, Britaniya və Fransa təlimatçılarını yalnız Ukraynanın qərbinə göndərmək və onları cəbhə xəttindən uzaqda, əsas obyektlərin mühafizəsi ilə məhdudlaşdırmaq nəzərdə tutulur.

Qiymət Mahir

tag: Ukrayna,Britaniya,Hərbi kontingent,Estoniya,Fİnlandiya,Dünya,todaypress.az,