2025-ci ildə müharibə riski ilə bağlı XƏBƏRDARLIQ

Dünya

25.12.2024 10:48

"Almaniyada seçkilərdə müharibə tərəfdarı olan partiyaların qələbəsi ölkə üçün fəlakətli ola bilər". 

TodayPress "RİA"ya istinadən xəbər verir ki, bunu Almaniya parlamentində “Almaniya üçün Alternativ” partiyasından olan deputat Karsten Hilse deyib.  

"Müharibə tərəfdarı olan partiyalara səs versəniz, bu sizin son Milad bayramınız ola bilər" deyə siyasətçi xəbərdarlıq edib. 

Deputat, müharibənin davam etdirilməsi tərəfdarlarının uğur qazanacağı təqdirdə almanların növbəti Milad bayramını sığınacaqlarda keçirə biləcəyindən, yaxınlarının isə cəbhədən tabutlarında geri qaytarılacağından ehtiyat etdiyini bildirib.

Hilse, müharibəni alovlandıranların sadə vətəndaşlar kimi sığınacaqlarda yox dəbdəbəli evlərində qalacağını vurğulayıb:

"Onların övladları müharibədən təsirlənməyəcək, ancaq sizin övladlarınız cəbhəyə gedəcək". 

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri gələn il fevralın 23-də keçiriləcək. 

Xatırladaq ki, bundan öncə dekabrın 22-də Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiyadan hücum olacağı təqdirdə Berlin müharibə apara bilməlidir. 

O, həmçinin  ölkənin müharibə hazırlığı yolunda olduğunu bəyan edib. 

Günəş Mərd

tag: Rusiya, Almaniya, Hücum, Müharibə, todaypress.az,