2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə açıqlandı
2025-ci ildə 76-cı
Beynəlxalq Astronavtika Konqresi Avstraliyanın Sidney şəhərində keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə
İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika
Konqresində qərar qəbul olunub.
Oktyabrın
14-dən 18-dək “Dayanıqlılıq naminə kosmik məsuliyyət” devizi ilə keçirilən
Milan Astronavtika Konqresi tarixdə ən böyük konqres olub. Konqresdə 120
ölkədən 11 200-dən çox nümayəndə iştirak edib. Bu rəqəmlər rekord göstəricidir
və konqresin qlobal miqyasda kosmik sahənin iştirakçılarının toplaşdığı ən
böyük platforma olduğunu göstərir. Konqresin sərgi pavilyonu rekord sayda -
530-dan çox iştirakçı qəbul edib. Builki konqresdə ilk dəfə 60 kosmik agentlik
və qurum rəhbərlərini bir araya gətirən Qlobal Kosmik Liderlər Sammiti baş
tutub. Üç min nəfər Milan Konqresinə onlayn canlı yayıma qoşulub və tədbir
məkanı hər gün 3500 iştirakçı qəbul edib.
Konqresdə 25
astronavtın iştirakı ilə ictimaiyyət, tələbələr və gənc mütəxəssislərin görüşü
olub. Beynəlxalq Astronavtika Federasiyasına 73 yeni üzv təşkilat qoşulub və
onların sayı 80 ölkədən ümumilikdə 563-ə çatıb. 2027-ci ildə Beynəlxalq
Astronavtika Konqresinə Polşanın Poznan şəhəri ev sahibliyi edəcək.
Azərbaycan da
75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunub. Milan Astronavtika
Konqresində Azərbaycanı ölkə stendi ilə “Azərkosmos” təmsil edib. Konqresdə
ölkəmiz, eyni zamanda, 50-dək tələbə, gənc mütəxəssis və alimdən ibarət milli
elmi komanda ilə təmsil olunub. Azərbaycan Milan Konqresində elmi işlər üzrə
yeni rekorda imza atıb. Ölkəmizdən Milan Konqresinə 345 elmi məqalə təqdim
edilib. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada ilk
beşlikdə yer alır.
Ölkəmizdən təqdim olunan
elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb.
Konqres
çərçivəsində keçirilən seçkilərdə “Azərkosmos”un idarə heyətinin sədri Saməddin
Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.
Xatırladaq ki,
74-cü Beynəlxalq Astronavtika Konqresinə ötən il Bakı ev sahibliyi edib.
tag: Azərbaycan, Milan, Astronavtika,Kosmik, todaypress.az,