"Xarıbülbül" Norveç muzeyində

Diaspor

01.10.2024 14:30

Gənc soydaşımız Səlim Abbaszadənin çəkdiyi "Xarıbülbül" rəsmi dünyanın 185 ölkəsindən uşaqların əl işləri ilə birlikdə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyinin (The International Museum Of Children's Art's) daimi sərgi salonunda nümayiş olunacaq. 

Diasporla İş üzrə Dövlət Komitəsindən TodayPress-ə verilən məlumata əsasən, gənc rəssamın “Tıq-tıq xanım” rəsmi isə muzeyin arxivində saxlanacaqdır.

Səlim Abbaszadə əsəri həmin muzeydə sərgilənən ilk azərbaycanlı gəncdir. 

Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru Anqela Qoldin S.Abbaszadənin  rəsmlərindəki rəngarəngliyin və təbiət ünsürlərinin obrazlı təsvirinin "soyuq şimal"a istilik, sülh, gözəl və birlik bəxş edəcəyini bildirib. 

Muzeyin əsas üç funksiyası olduğunu deyən Anqela Qoldin bildirib ki, əsas məqsəd dünyanın hər qitəsindən uşaqların rəsmlərini toplamaq, qorumaq və gənc istedadların rənglər dünyasını gələcək nəsillərə ötürməkdir.

Muzeyin direktoru gələcəkdə Səlim Abbaszadə ilə əməkdaşlıq edəcəyini vurğulayıb. 

Qeyd edək ki, 2023-cü ildə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyində (The International Museum Of Children's Art's) Norveç Azərbaycan Gənclər Təşkilatı-NAYO və Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Səlim Abbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk sərgisi keçirilib.

tag: Səlim Abbaszadə,Xarıbülbül,Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyi,Tıq-tıq xanım,Anqela Qoldin,todaypress.az,

photo