Praqada Azərbaycan Evi açıldı - FOTO

Diaspor

07.11.2024 16:42

Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub. 

TodayPress xəbər verir ki, mərasimdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak edib.

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bildirib ki, bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan azərbaycanlılar Praqadakı Azərbaycan Evinin xətti ilə daha böyük uğurlara imza atacaqlar.  

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb. 

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmirəliyev Azərbaycan Evinin açılışında yaşanan qələbəliyi soydaşlarımızın birliyinin rəmzi adlandırıb. 

Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə də təbrik edib. Qazaxıstanın Çexiyadakı səfiri Bakit Düsenbayev Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türk xalqlarının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib. 

Əlavə edək ki, Azərbaycan Evində həftəsonu məktəbi də fəaliyyət göstərir.

tag: Praqa,Azərbaycan Evi, Prezident, İlham Əliyev,Çexiya, todaypress.az,

photo
photo
photo