Xankəndidə 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verildi - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 21:12
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi
adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.
TodayPress xəbər verir ki, elm
və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan
şərait barədə məlumat verib.
Qeyd edək ki,
Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına
Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri
nəzərdə tutulub.
Bu təhsil ocağı
böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət
göstərib. Məktəbin səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyi nəzərə
alınaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı
şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 30 dekabr tarixli Sərəncamına əsasən 300 şagird yerlik yeni bina
tikilib.
Bildirildi ki,
Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və
Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi
0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11
sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və
informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti,
kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.
***
15:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.
tag: Prezident,İlham Əliyev ,Xankəndi, Nizami Gəncəvi Adına, Məktəb, todaypress.az,