Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben
Vardanyanın təqsirləndirilməsinə dair məhkəmə prosesi zamanı onun vəkili Avraam
Berman çıxış edərək müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait
yaradılmasını xahiş edib.
TodayPress xəbər verir ki, hakim həmin vəsatəti təmin
edib və təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait
yaradıb.
Bununla bağlı məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə iclası davam etdirilib və
sədrlik edən ittiham və müdafiə tərəfinin mövqeyini öyrəndikdən sonra məhkəmə
istintaqının başlanıldığını elan edib.
Dövlət ittihamını müdafiə edən prokuror ittiham
aktının nəticəvi hissəsini elan etməyə başlayıb.
İrəli sürülmüş ittihama əsasən, təqsirləndirilən şəxs
Ruben Vardanyan ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış
cinayətkar birliyə daxil olaraq həmin birliyə rəhbərlik edib, birliyin ümumi
cinayətkar məqsəd və niyyətinə uyğun olaraq fəaliyyət göstərib.
Bununla yanaşı, prokuror ittiham aktına istinadən elan
edib ki, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel
Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran
Muşeqi, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi ilə Ermənistanın
dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və
təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada
idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında yaradılmış cinayətkar
birlik Azərbaycan Respublikasına qarşı sistematik və genişmiqyaslı təcavüzkar
müharibəyə başlayıb.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq,
növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi
bildirilib.
Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq
hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq),
115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1
(terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci
(Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər
maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
tag: Vardaryan,Erməni, Məhkəmə, Azərbaycan, Ermənistan, Ruben, todaypress.az,