Suqovuşanda yaşayış kompleksi istifadəyə verildi- YENİLƏNDİ
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə
rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə
verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə
evlərin açarlarını təqdim ediblər.
TodayPress xəbər verir ki,
dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat
verildi.
Bildirildi ki,
kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar
sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir.
Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.
Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.
Dövlətimizin
başçısı sakinlərlə görüşüb söhbət etdi.
Prezident İlham Əliyev: Salam.
Sakinlər: Salam, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Sakinlər: Xoş gördük, xoş gəlmisiniz. Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun. Sağ olun.
Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm. Siz də xoş gəlmisiniz.
Sakinlər: Xoş gününüzə gələk, Mehriban xanım.
Prezident İlham Əliyev: İlk növbədə, sizi bayram münasibətilə təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Bu gün İlaxır çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibətilə sizi təbrik edirəm.
Sakinlər: Biz də Sizi təbrik edirik.
Prezident İlham Əliyev: Xatırlayıram ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar.
Sakinlər: Çox sağ olun.
Prezident İlham
Əliyev: Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı
evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su
anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada
yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq
Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.
Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Allah
rəhmət eləsin.
Prezident İlham Əliyev: Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün qəhrəmanlarımıza cansağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq.
Əlbəttə ki, bu, uzun bir proses idi. İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi.'
Sakinlər: Çox sağ olun. Bizi arzumuza çatdırdınız, Siz də arzunuza çatasınız. Allah balalarınızı saxlasın.
Prezident İlham
Əliyev: Sağ olun. İndi də açarları təqdim edək.
***
12:21
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
tag: Prezident,İlham Əliyev,Suqovuşan,Mehriban Əliyeva,Todaypress.az,