Seçkiqabağı təşviqata 9 avqustda başlanacaq – MSK “Təqvim Planı”nı təsdiq etdi

Daxili siyasət

29.06.2024 17:10

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib.

TodayPress məlumatına görə, iclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiqlənib.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar. Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun 12-dək olan dövrü əhatə edəcək. Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra seçkilərin ilkin nəticələri MSK tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc ediləcək.

Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir. Bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

tag: Seçki Komissiyası, Namizədlər, Partiyalar,Milli Məclis, Məhkəmə, todaypress.az,