Prezident və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış oldular- YENİLƏNDİ
Aprelin 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və
qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.
TodayPress xəbər verir ki, “Agalarov Development”
şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlət başçısına və birinci
xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə
məlumat verib.
Bildirilib ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət
yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada
müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin
ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən
COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki,
onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.
Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş
planı və həyata keçirilmiş layihələr barədə məlumat verilib. Qeyd olunub ki,
kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib.
İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait
yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə
açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman
meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb,
uşaq bağçası və xəstəxana da var.
Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona
yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara
çatdırılıb.
Daimi yaşayış və yüksəksəviyyəli istirahət
infrastrukturunu özündə birləşdirən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla
inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı
daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir
layihədir.
Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30
dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Burada
1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi
həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və
çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.
Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze”
gələcəkdə ölkənin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından
daha cəlbedici edəcək.
Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən
mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan
“Caspian Dream Liner” süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi
və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində “Sea Breeze”
qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.
İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə
yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli
memarlar cəlb olunur.
2028-ci ilədək burada daha 700 binanın tikilməsi,
həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni
yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana
şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40
mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.
“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial
rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560
nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə
tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar
təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb
edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, “Sea Breeze” ölkə
iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri
vergiödəyiciləri sırasında yer alıb.
***
15:17
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.
tag: Prezident ,İlham Əliyev,Birinci xanım,Mehriban Əliyeva,Todaypress.az,


