Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıdılar- YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı
sakinlərlə görüşüb, söhbət etdi.
Prezident İlham Əliyev: Salaməleyküm. Xoş gördük,
bayramınız mübarək olsun!
Sakinlər: Salam, xoş gəlmisiniz, Sizin də bayramınız
mübarək olsun, Ramazan bayramınız da mübarək.
Prezident İlham Əliyev: Necəsiniz?
Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident, Sizinlə
həmsöhbət olmaq bizim üçün şərəfdir. Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Nə vaxt
gəlmisiniz?
Kişi sakin: Biz mart ayının əvvəlindən - 3-dən buradayıq.
Prezident İlham Əliyev: Artıq yerləşmisiniz.
Kişi sakin: Bəli, yerləşmişik, çox gözəldir. İnanın ki,
bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq.
İndi hər şey gerçəkliyə çevrilib.
Qadın sakin: Allah Sizdən razı olsun ki, bu günü bizə
yaşatdınız.
Prezident İlham Əliyev: Sağ olun. Bu gözəl bayram günündə
artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi
qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu
yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı
var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada
məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik,
tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat,
xoşbəxt yaşayacaq.
Kişi sakin: Ədalət də bərpa olundu. Hamısı Sizin sayənizdə.
Qadın sakin: Allah Sizi qorusun, ailənizi qorusun. Sizin
və güclü siyasətinizin sayəsində biz bu gün firavan yaşayırıq.
Digər kişi sakin: 33 ildən sonra bizi doğma Vətənə,
ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda,
elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi, bu bölgələr
bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim
əzəli və əbədi düşmənlərimiz bu bölgəni böyük güclər hesabına işğal etmişdir.
Amma Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata
işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o
cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz.
Prezident İlham Əliyev: Sağ olun, biz tarixi ədaləti
bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa
etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək
planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki,
separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz
burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin,
Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və
burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi
var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı
göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi
bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı
törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın
böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq
səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim
tarixi və hüquqi torpağımızdır. Həm də İkinci Qarabağ müharibəsi dövründə
baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr
dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq
hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə
saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər
hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda
Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər
addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim
tərəfimizdədir. Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ
müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi
işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə
əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət
ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Bu gün
Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram
münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir,
bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük
məmnuniyyət doğurur.
Sakinlər: Sizin də bayramlarınızı təbrik edirik. Siz Ali
Baş Komandan kimi Qələbəni təmin etdiniz.
Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət
eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.
Kişi sakin: Bu kənddən çıxanda o Murov yolunda nə
zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə
buraya qayıtdı.
Prezident İlham Əliyev: O vaxt işğal dövründə camaat
buradan Murov yolu ilə çıxmışdı?
Kişi sakin: Bəli, qoca qadın evdə yanıb, çarpayıda
sümükləri qalmışdı. O, mənim nənəm idi. O cür əziyyətlər yaşamışıq.
Prezident İlham Əliyev: O tərəf, yəni artıq buradan
keçmək mümkün deyildi, bağlanmışdı? Suqovuşan tərəf də bağlanmışdı?
Kişi sakin: Bütün buralar bağlı idi, yalnız Murov
dağından Kəlbəcər tərəfdən nə zülmlərlə.
Prezident İlham Əliyev: Uzaq yoldu, neçə kilometr olar?
40-50 kilometr olar?
Kişi sakin: 58 kilometr hələ Kəlbəcərlə sərhədə qədərdir.
Digər kişi sakin: Şükür bu günə, Sizin, Ordumuzun
sayəsində qayıtmışıq.
Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni
evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.
Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Cənab
Prezident, ümumiyyətlə, burada 606 ev var. İlkin olaraq 92 evi təmir etmişik,
50 ailə artıq köçüb. Yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da iki
mərhələdə 192 ev. Amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.
Prezident İlham Əliyev: Bütün, hamısını. Bəli, hamısını.
Siz təklif verin, onların hamısını bərpa edək. Çünki mənə verilən məlumata
görə, artıq burada həm Həsənrizdə, həm də Kəlbəcər rayonunda yaşamış insanlar
yerləşir.
Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Artıq
buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.
Prezident İlham Əliyev: Bura çox gözəl, səfalı yerlərdir.
Kişi sakin: Şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.
Prezident İlham Əliyev: Bəli, Şuşadan üstünlüyü ondadır
ki, Sərsəng su anbarı da var, orada balıq tutmaq olar. İş yerləri ilə bağlı nə
işlər görülür?
Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Böyük kənd
olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər
olub. Bundan başqa, yaxın yerlərdə, icazə versəydiniz, fermalar var, o
fermaları icarə verərdik.
Prezident İlham Əliyev: Əlbəttə. Bir də ki, əkin sahələri
verilməlidir, əkin-biçinlə məşğul olsunlar. Heyvandarlıq üçün bura ən yaxşı
yerdir.
Kişi sakin: Bu sakinlər hamısı heyvandarlıqla məşğul
olublar. Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim
kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç
vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram,
görməmişik, eşitməmişik.
Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas
dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar.
Kişi sakin: Ümumiyyətlə, bizə gülünc gəlir.
Prezident İlham Əliyev: Özlərini müxalifətçi adlandıran
bəziləri dövlətə qarşı, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə,
antiterror əməliyyatı dövründə, indinin özündə ermənilərlə birləşib. Bu,
dövlətə qarşı düşmənçilikdir və əslində, xəyanətdir.
Kişi sakin: Bəli, bəli, xəyanətdir.
Prezident İlham Əliyev: Ona görə burada yaxşı
təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyinin xətti ilə
kredit xətləri açılmalıdır ki, kim mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq
istəyir, burada su problemi olmamalıdır.
Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Düzdür
cənab Prezident, bunlarla məşğul oluruq, su problemi də yoxdur.
Prezident İlham Əliyev: Bulaqlar var?
Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Gözəl suyu
var.
Prezident İlham Əliyev: İşıq var, qaz var, su da var,
internet, istilik.
Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Hər həyətdə
su var. Su, işıq, qaz, 500 nəfərlik məktəb, internet. Təmir olunan evlərin
hamısında istilik.
Prezident İlham Əliyev: Məktəb də budur, onu da təmir
etmişik.
Kişi sakin: Bəli, xəstəxanamız da var.
Prezident İlham Əliyev: Əlavə nə lazımdır?
Kişi sakin: Sizin sağlığınız.
Qadın sakin: Sizinlə qürur duyuruq hər zaman. İnsan həm
sevinir, həm qürurlanır.
Prezident İlham Əliyev: Harada yaşamısınız? Laçınlısan?
Qadın sakin: Bəli, atam da birinci qrup Qarabağ
qazisidir. Bir qazi övladı olaraq Sizə, Birinci vitse-prezidentimiz Mehriban
xanım Əliyevaya minnətdarlığımı bildirirəm ki, hər zaman şəhid ailələrinə və
qazilərimizə dəyər vermisiniz.
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Sakinlər: Bayramınız mübarək olsun, Allah Sizi qorusun
cənab Prezident!
Prezident İlham Əliyev: Burada birlikdə şəkil çəkdirək.
Mehriban xanım Əliyeva: Tonqal da görünəcək.
Sonra dövlətimizin başçısı və birinci xanım kənd
sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar.
Prezident İlham Əliyev: Rahat yaşayın, xoşbəxt yaşayın.
Siz 30 il əzab-əziyyət içində idiniz. Həm mənəvi əzab, həm də ki, qaçqın-köçkün
kimi. O söz də artıq yavaş-yavaş lüğətimizdən çıxır.
Sakin: Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi ki,
Azərbaycan cəmiyyəti lazım gələrsə, istənilən çətinliyə tab gətirməyi
bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz Qələbə əldə
etdikdə bir daha əmin olduq ki, Ulu Öndər nə qədər gözəl, qiymətli fikirlər
söyləmişdir, ruhu şad olsun.
Prezident İlham Əliyev: Bəli, elədir. O vaxt Azərbaycan
xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilərdi.
Əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. Həm
torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş
müharibəsi. Bütün bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu
quruculuğu da onun adı ilə bağlıdır. Biz - onun davamçıları, sadəcə olaraq,
onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər
etdik, dəmir yumruğu yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları
burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha təbrik edirəm sizi.
Bir daha bayramınız mübarək.
Sakinlər: Çox sağ olun. Uğurlar, Sizin də bayramınız
mübarək.
Sonra dövlətimizin başçısı və birinci xanım Həsənriz
kəndindəki Bayraq meydanında oldular. Burada üçrəngli bayrağımız 17 metr
hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki,
buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.
***
10:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
TodayPress xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.
tag: Prezident,İlham Əliyev,Mehriban Əliyeva,Ağdərə ,Novruz,Todaypress.az,





