Prezident misirli həmkarını təbrik etdi
Daxili siyasət
20.12.2024 20:27
Azərbaycan Prezidenti İlham Əliyev misirli
həmkarı Əbdülfəttah əs-Sisini Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz
ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək
səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə təbrik edib.
TodayPress-in məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə
şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər
tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü
seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü
bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata
üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində
fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar
qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi
qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək
təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq
münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in
təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi
və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük
gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini
verəcəkdir.
Hörmətli cənab Prezident,
Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən
Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq
doğurur. Keçən ilin əvvəlində Sizin Azərbaycana, cari ilin iyununda isə mənim
Misirə səfərim dövlətlərarası əlaqələrimizin tarixində yeni mərhələnin əsasını
qoymuşdu.
İnanıram ki, ölkələrimiz arasında dostluq
münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam
istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli
əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da
uğurla davam etdirəcəyik.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim
əmin-amanlıq və firavanlıq diləyirəm".
tag: Prezident, İlham Əliyev,Misir, D-8, Zirvə Görüşü, todaypress.az,