Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNDİ/FOTO
Daxili siyasət
08.01.2025 00:42
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
TodayPress müsahibəni təqdim edir.
Azərbaycan Televiziyasından Vüsal Mətləb: Xoş gördük,
cənab Prezident. Əvvəlcə, icazənizlə, artıq ənənəyə çevrilmiş bu müsahibə
formatına görə Sizə təşəkkür etmək istəyirik. Çünki bu, bizə ictimaiyyəti
maraqlandıran məsələlərlə bağlı Sizin fikirlərinizi ətraflı şəkildə öyrənmək
imkanı yaradır. Növbəti belə fürsət üçün minnətdarıq.
İstərdim, 2024-cü ilin yekunları ilə başlayaq. 2024-cü
ilin sosial-iqtisadi yekunlarının göstəriciləri barədə nə demək olar və bu
göstəricilər 2025-ci il üçün hansı proqnozlara əsas yaradır?
Prezident İlham Əliyev: Keçən il iqtisadi inkişaf
baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf
etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər
salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır.
Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki
bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və
hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu
tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft
hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir
göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk
növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf
daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim
iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının
artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7
faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf
etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki,
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində
düşünülmüş siyasət dayanır.
Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil.
Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı
mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması
nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan
münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə
bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən
daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı
reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün
bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail
ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
O ki qaldı maliyyə vəziyyətimizə, biz keçən il maliyyə
vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik.
Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial
proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait
səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki,
valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız
təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara
bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki
hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının
hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu
göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır.
İkinci vacib göstərici ümumi daxili məhsulun xarici borca
olan nisbətidir. Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq.
Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil
edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100
faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz
buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana
daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının
xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta
ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni, əgər kimsə mənə ikinci
belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu
rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm.
Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar
deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç
bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir
qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta
bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Mən hələ beş il bundan əvvəl,
bizim xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizini, ona yaxın
faizi təşkil edəndə qarşıya hədəf qoymuşdum ki, biz bunu 10 faizə endirməliyik.
İndi 7.2 faizdir, yəni, xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki,
ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu,
büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici
borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5.2 milyard dollara bərabər
olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə
resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu
istiqamətdə fəaliyyətə başlayıb. Mənim tərəfimdən müvafiq göstərişlər verilib.
Əlbəttə ki, büdcə parametrləri də hər bir ölkənin
iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin
büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal
büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük
büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki,
biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi
siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq
hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun
iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri
cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara
bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma
əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki,
sosial proqramları daha fəal icra edək.
Bildiyiniz kimi, bu il yanvarın birindən minimum
əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və
320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə
qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə
bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə
deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha
yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə
etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz
az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey
cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət
prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu
sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd
sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox
vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək.
İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum
əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim
diqqət göstərəcəyik.
AnewZ Televiziyasından Qay Şoun: Cənab Prezident, bu
müsahibə imkanına görə AnewZ kanalı adından Sizə təşəkkür etmək istərdim.
İngilis dilində fəaliyyət göstərən beynəlxalq kanal olaraq tamaşaçılarımız üçün
suallarımızı ingilis dilində cavablandırdığınıza görə Sizə təşəkkürümü
bildirirəm.
Sualım COP29 ilə bağlıdır. Demək olar ki, bütün dünyadan
iştirakçılar Bakıya gəldilər və gərgin müzakirələr aparıldı. İştirak etməyənlər
də diqqət çəkdi – Fransa prezidenti, Avropa Komissiyasının Prezidenti. Lakin
buna baxmayaraq, razılıq əldə edildi. Tədbir çərçivəsində nailiyyətlər haqqında
fikirlərinizi öyrənmək istərdik. Habelə cari və növbəti ildə irəliləyişi təmin
etmək üçün hansı addımlar atılmalıdır?
Prezident İlham Əliyev: Bəli, bizim üçün COP29 böyük bir
çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən
ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının
emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir
araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq
təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə
körpülər qurmaqda yardımçı olacaq.
Beləliklə, biz 2023-cü ilin dekabrında, COP29-a ev
sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən
məşğul olmağa başladıq. Səmimi desəm, buna qədər biz prosesdə o qədər də fəal
iştirak etmirdik. Bu işdə uğura nail olmaqda ən böyük maneə Qlobal Cənub və
Qlobal Şimal arasında olan etimadsızlıqdır - ətraf mühiti ən çox çirkləndirən
ölkələr və bundan əziyyət çəkən ölkələr. Biz disbalansı görürük – iqlim
dəyişikliyi nəticəsində bəzi ölkələrin mövcudluğu təhlükə altındadır. Emissiya
baxımından onların payı 0.1 faizdir, lakin onların, xüsusilə də kiçik ada
dövlətlərinin həyatı və gələcəyi təhlükə altındadır.
Yəni, biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub
çərçivəsində olduqca fəal iş apardıq. Biz 4 il ərzində Qoşulmama Hərəkatında
sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim
sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak
edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji
tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu
iş uğurla nəticələnə bilər.
Biz dərhal iki istiqamətdə işə başladıq - hazırlıq və
məzmun. Hər iki istiqamətdə çoxsaylı çətinliklər var idi, lakin yekun nəticə
bunun uğur hekayəsi olduğunu sübut etdi. Hazırlıq bizim üçün böyük çağırış idi,
çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay
vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli
idik – bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı
hər kəsdə məmnunluq doğurdu. Bu, təkcə həmin məkanın qurulması demək deyil.
Buraya logistika, nəqliyyat, yerləşmə, mehmanxanaların sertifikatlaşdırılması,
qonaqların yerləşdirilməsi üçün əlavə yerlərin müəyyən edilməsi daxil idi.
Nəzərə alsaq ki, bizdə 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçmişdi,
bunun üçün kifayət qədər yerimiz yox idi.
Daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər
səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Hesab edirəm
ki, bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast
gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu.
Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa
əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım
məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi
tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün
hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət
və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı
tərəfdaş olduğunu nümayiş etdirdi.
Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə
gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak
etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq
edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan,
Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel
layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Gərgin qrafikə
baxmayaraq, biz bu sessiya üçün xüsusi vaxt tapa bildik. Buna baxmayaraq, səfər
son anda təxirə salındı və bu, gözlənilməz oldu.
Bilirəm ki, COP29-un təşkilat komitəsi Avropa Komissiyası
ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və
səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki
dəfə səfər etdi - tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja
Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un
keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa
Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur.
Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən
də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10
şikayətimiz var idi və onlar dərhal həll edildi.
Nəticələrə gəldikdə, çoxları bunu Bakı Nailiyyəti
adlandırır və mən bununla razıyam. Çünki təqribən 10 il ərzində tərəflər karbon
bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur
əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq
əldə edildi. Bu, əhəmiyyətli uğur idi və hər kəs bundan məmnun qaldı. Yəni, on
il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı.
Əlbəttə, COP-un əsas mövzularından biri maliyyələşmə
məsələsi idi. Bilirəm ki, 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq
bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz
qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki
COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda
biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu,
uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir
miras oldu.
Bundan başqa da mühüm təşəbbüslər oldu – Azərbaycanın
irəli sürdüyü təşəbbüslərin sayı 14 idi. Onların hamısını sadalamaq istəmirəm.
Lakin bu, bizim bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir. Əlbəttə ki,
digər COP tədbirlərində istifadə olunacaq daha bir miras hazırkı, keçmiş və
gələcək COP-a ev sahibliyi edən ölkələr arasında “Troyka” mexanizmidir. Bu, bir
sinerji yaradır, çünki biz BƏƏ-də əldə edilmiş uğur üzərində uğur qazandıq –
mən COP28 BƏƏ Konsensusunu nəzərdə tuturam. Biz onların təcrübəsindən istifadə
etdik və bu il Braziliyada keçiriləcək COP zamanı orada BƏƏ və Azərbaycanın
əldə etdiyi uğura uğur əlavə olunacaq.
Bizim yaşıl gündəliyimiz daha bir mövzudur. Bu, tamamilə
qlobal yaşıl keçid və yaşıl gündəliyə uyğundur. Biz artıq bir çox işlər
görmüşük və yaxın gələcəkdə nəzərdə tutulmuş çoxsaylı layihələrimiz var.
Beləliklə, mən bunu bir daha çox böyük uğur
adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim
regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir
keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə
səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını
söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında
məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar
Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi
və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat
yaradır.
Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq və bu,
Azərbaycanın növbəti uğurudur.
***
18:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
tag: Azərbaycan ,Prezident,İlham Əliyev,Televiziya,Müsahibə,todaypress.az,