Prezident İlham Əliyev “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ

Daxili siyasət

14.09.2024 09:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış oldu.

TodayPress xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, “Xəqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

***

09:12


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

tag: Prezident ,İlham Əliyev, Xəqani Bağı, Yenidənqurma, Səbail Rayonu ,todaypress.az,