Prezident İlham Əliyev və xanımı Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
Daxili siyasət
29.05.2024 10:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə sakinlərlə söhbət etdilər. Sonra evlərin açarlarını sakinlərə təqdim etdilər. Ardınca xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Səriyyə Cəfərovanın evində yaradılan şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Sənətkarlar məhəlləsinə gəldilər, əvvəlcə “AzeRobot Education” robototexnika tədris mərkəzinin Xocalıdakı filialında yaradılan şəraitlə tanış oldular. Sonra “Nakhishli” atelyesi ilə tanışlıq oldu.
Dövlətimizin başçısı və birinci xanım “Gilabi Ceramic” emalatxanası ilə tanış oldular. Daha sonra “Sariban” peşə inkişaf mərkəzinin filialı tanışlıq oldu.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinin Baş planı ilə də tanış oldular.
Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.
tag: Prezident, İlham Əliyev, Xocalı, Qarabağ, todaypress.az,