Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - YENİLƏNDİ - FOTO
Daxili siyasət
25.12.2024 16:22
Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB
üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün
Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında
olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin
başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
TodayPress xəbər verir ki, təyyarə endikdən dərhal sonra Prezident İlham
Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.
Dövlət başçısı müşavirədə çıxış edərək deyib:
- Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm.
Onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm, başsağlığı verirəm.
Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir.
Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan
Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə
bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya
döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş
nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan
nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam
edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət
briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.
Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və
bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat
verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən
AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş
və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir.
Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona
görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif
versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam
araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii
olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət
işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.
Qəzada həlak olanların və onların yaxınlarının acısını çəkərək, həlak
olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların,
yaralananların yaxınlarına, doğmalarına səbr diləyirəm. Sağ olun.
***
14.49
Xəbər verdiyimiz
kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya
Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında
olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin
başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
TodayPress xəbər verir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı müşavirə keçirib.
tag: Azərbaycan ,Prezident ,İlham Əliyev, AZAL ,Müşavirə, todaypress.az,