Prezident Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
Daxili siyasət
05.12.2024 10:46
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.
TodayPress xəbər
verir ki, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev
oxuyub.
Müraciətdə
deyilir:
"Hörmətli
konfrans iştirakçıları!
Sizi Qərbi Azərbaycan
İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin
təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq
konfransda salamlayıram.
Hazırda dünyada
120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq
ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.
Azərbaycan
xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir.
Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik
təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla
çıxarılıblar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli
xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba
yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan
sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik
dövlətə çevrilib.
Ermənistan Azərbaycan
xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs
yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda
xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları,
məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni
dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub.
Bu tarixi-mədəni
abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq
nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin
orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim
etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən
yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən
başqa bir şey deyil.
Ermənistan
bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini
işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş,
torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.
Azərbaycan xalqı
heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa
çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi
Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına
qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn
aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə
verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük
Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.
Təəssüf ki, Ermənistan
cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan”
xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də
qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə
olunmasını əngəlləyir.
Ermənistan Qərbi
Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim
etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış
soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına
qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir.
Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl
mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar
etmək cəhdidir.
Qərbi Azərbaycan
İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf
bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların
fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar
atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin
dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə
UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu
sahədə əməkdaşlıq etməlidir.
Qərbi Azərbaycan
İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq
hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi
olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan
bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə
öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.
Müxtəlif
vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və
dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin
hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram.
Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə
həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans
yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir
mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək".
tag: Prezident, İlham Əliyev, Konfrans, Müraciət, todaypress.az,