Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanladı
Daxili siyasət
05.12.2024 11:01
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
TodayPress xəbər
verir ki, müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Əziz uşaqlar!
Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz
işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və
xoşbəxtlik arzulayıram.
Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə
onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli
qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin
misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və
görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək
və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun
ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.
Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə
seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi
məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə –
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin
uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi
məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz
dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.
Əziz iştirakçılar!
Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı
günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan
uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət
yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız.
Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.
İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir
mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin
bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir".
tag: Prezident , İlham Əliyev, Müraciət , Forum, todaypress.az,