Prezident Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 17:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə
tanış oldu.
TodayPress xəbər verir ki, dövlət başçısına kənddə
görülən işlər barədə məlumat verildi.
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi,
Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam
etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il
oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə
yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması
planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq
əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi
üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin
köçürülməsi üçün 292 fərdi ev inşa edilir.
Bildirildi ki, kəndin ərazisində
söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi
evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri
başa çatdırılıb.
Hazırda 94 fərdi ev üzrə
daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi
kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.
Diqqətə çatdırıldı ki, kənddə əhalinin
məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət
və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri,
təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin
olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev kənddə
hazır evlərə baxdı.
***
12.08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində
aparılan bərpa işləri ilə tanış olublar.
tag: Prezident, İlham Əliyev ,Kəngərli ,Bərpa İşləri,Ağdam Rayonu, todaypress.az,