Nazir: "Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir"
Daxili siyasət
27.08.2024 22:17
Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid
mənbəyidir.
TodayPress xəbər verir ki, bunu Türkiyədə səfərdə olan
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla
keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana
təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət
dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox
normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır:
"Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı.
Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı
sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək
Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh
sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da
sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları
mövcuddur”.
Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan
silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var:
"Müşahidə
olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə
təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu
da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.
tag: Ceyhun Bayramov,XİN, Ermənistan,Azərbaycan,todaypress.az,