“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirildi

Daxili siyasət

11.10.2024 13:35

“Yerli medianın daha da inkişaf etdirilməsi, milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir”.

TodayPress xəbər verir ki, bu fikri Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda səsləndirib. O, qeyd edib ki, ermənilər, eləcə də bizə qarşı olan digər qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar. Onun sözlərinə görə, COP29 ərəfəsində bu proses daha da sürətlənəcək. 

Mətbuat Şurası (MŞ) sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolundan danışıb.

Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb. 

MŞ İdarə Heyətinin üzvləri – “Technote Media” şirkətinin rəhbəri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndiriblər. 

Toplantıda bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.

Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb. 

 Günəş Mərd

tag: Media,Savadlılıq,Dezinformasiya,Mətbuat,Xəbər,todaypress.az,

photo
photo