Mehriban Əliyeva qızı və gəlini ilə yeni bərpa olunan məsciddə oldular
Daxili siyasət
23.09.2024 21:54
Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid
əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə
təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.
TodayPress xəbər verir ki, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə
üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.
Bildirilib ki, qəsəbə sakinlərinin müraciətinə dərhal
reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və
ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə
tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub,
məscidin ətrafı abadlaşdırılıb.
Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və
qəsəbənin bir sıra mərkəzi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma
işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir
olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam
örtüyü, darvazaları dəyişdirilib.
Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park
yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbənin
özünəməxsus memarlığı qorunub saxlanılıb.
tag: Mehriban Əliyeva, Vitse-Prezident, Leyla Əliyeva, Əhmədli, Məscid, todaypress.az,