Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində oldu
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları
Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə
məscidlərində olublar.
TodayPress bildirir ki, məscidin imamı İsgəndər Məmmədov
Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verdi.
Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah
Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa
edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində,
Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq
üslubunda ərsəyə gətirilib.
Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma,
konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan
memarlığının portal-günbəz ənənələrini yaşadır. Binanın memarlığında, xüsusilə
günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə
olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik
və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.
Bildirildi ki, 2008-ci ildə Prezident İlham Əliyevin
təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud
vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması
istiqamətində növbəti tapşırıqlar verildi.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya
“Qurani-Kərim” hədiyyə olundu.
Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq
zamanı isə bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda,
Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi
fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin
aparılmasına zərurət yaranıb.
Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə
dair tapşırıqlar verildi.
Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin
bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə tolerantlıq
ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun
"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini
abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya
aid sərgilər təşkil olunur.