Mehriban Əliyeva Gəncədə 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış oldu
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı
Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu
tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.
TodayPress xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi
Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat
verdilər.
Bildirildi ki, 1969-cu ildə istifadəyə verilmiş tədris
müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb
binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən
2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir
işlərinin bu ilin sentyabr ayında - yeni tədris ilinə qədər yekunlaşdırılması
nəzərdə tutulub.
Qeyd edək ki, yeni tədris ili üçün Heydər Əliyev Fondu
paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərini
başa çatdırmağı nəzərdə tutur.
Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan,
bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi
müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”,
“Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək, ölkəmizdə təhsilin
inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin
yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı,
Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəlib.
tag: Vitse-Prezident, Mehriban ƏLiyeva, Azərbaycan, Gəncə, Məktəb, Bərpa, todaypress.az,