Mehriban Əliyeva Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış oldu
Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva
Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları
nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa
edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.
TodayPress xəbər verir ki, kompleksin təməli 2022-ci
il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək.
Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə
əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış
olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan
izini simvolizə edəcək.
Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə
çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket zərbəsinin
endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.
Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin
sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri
oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən
müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından
endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc
sakin yaralanıb.
tag: Mehriban Əliyeva, Vitse-Prezident, Arzu Əliyeva, Gəncə, todaypress.az,