Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında oldu
Daxili siyasət
31.10.2024 21:44
Oktyabrın 31-də Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri
Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Todaypress xəbər verir ki,
mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və
ailə üzvlərinə teatr haqqında məlumat verib.
Bildirildi ki,
respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət
Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il
müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il
martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan
Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən
artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib.
Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin
olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə,
Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan
mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim
Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət
ocaqlarımızdan biridir.
Qeyd edildi ki,
Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa
olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud
vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də
məlumat verilib.
tag: Mehriban Əliyeva,Vitse-Prezident,Heydər Əliyev Fondu,Prezident, todaypress.az,