Leyla Əliyeva “YARAT”da sərginin açılışına qatıldı
Aprelin 15-də “YARAT” Müasir
İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir
zamanlar dəniz” adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və
“YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə
yaxından tanış olublar.
TodayPress xəbər verir ki, sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq,
qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.
Sərginin kuratoru
Zəhra Məmmədova açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun
ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni
və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı
tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş “dəniz epistemologiyası”
anlayışına istinad etdiyini vurğulayıb.
“Onun təbirincə,
dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və
formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və
arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır,
həm də onunla qarşılaşma baş verir. Multidisiplinar yanaşma vasitəsilə
ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni
unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də
tənqidi düşüncəyə çevrilir.
Elmi proqnozlara
görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala
bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün
baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə
əlaqəli ola bilər”, - deyə kurator əlavə edib.
Sərginin,
həmçinin filosof Həsən Quliyevin “Arxetipik azərilər: mentalitetin simaları”
kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib: “Bu
əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs
kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu
yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda,
qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi
yenidən mənalandırıla bilərmi?”.
Ekspozisiya
dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet
dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər
boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir:
görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi
qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim
bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz,
keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar”.
Sərgidə Nadir
Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn
Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov,
Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay
Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə,
Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov
və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.
Tədbir
çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və “Artcom”
platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə “Xəzər
dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.
Sonda Xalq
artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı “Dəniz” adlı sənədli
film nümayiş olunub.
Nümayişdən əvvəl
çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi
Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs
gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası
var. “Dəniz” filmi də məhz bu dövrün məhsuludur.
Ekran əsərinin
çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib:
“Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə,
musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və
onun ovqatını ötürür”.
tag: YARAT, Azərbaycan, İDEA, Leyla Əliyeva,Sərgi, todaypress.az,