Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşdülər
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq,
tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao
çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf
etdiyini vurğulayıb.
“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin
dili distant tədris mərkəzinin açılış iştirak etməkdən böyük məmnunluq duyuram.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə
inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla
Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi
İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən
fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak
edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və
iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit
kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir
və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata
keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıqda mühüm töhfələr
verib”, - Din Tao əlavə edib.
Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik
edib.
Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici
Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının
müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin
Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə
başlayıb. “Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında
şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim
adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan
tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər
və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı
artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə
artır”, - o əlavə edib.
Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in
kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim
olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.
Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş
arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən
təşkil edilir.
Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər
Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər
Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc
və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.
Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə
edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn,
qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalar
daxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti
haqqında da geniş məlumatlar verilir.
Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da
optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı)
yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili
səviyyə imtahanında iştirak edə bilərlər.
tag: Arzu Əliyeva,Leyla Əliyeva, Heydər Əliyev Fondu, Azərbaycan,Çin, UNEC, todaypress.az,