Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak etdi
Martın 18-də - İlaxır çərşənbəsi günündə
Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün
Novruz şənliyi keçirilib.
TodayPress xəbər verir ki, Bakıdan, Heydər Əliyev
Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar
burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün
keçiriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
bayram şənliyində şəhid övladları ilə birgə olub.
Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və
müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin,
animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara
qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.
Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə
tort kəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri
təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum,
xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizə əmanəti
olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bu kateqoriyadan olan
uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onların sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində daim layihələr reallaşdırır.
tag: Leyla Əliyeva, Novruz, Quba, Şənlik, Şəhid Övladları, todaypress.az,