Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi
Daxili siyasət
21.11.2024 19:50
Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan “Qlobal
liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim
fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə
uyğunlaşdırılması” mövzusunda panel müzakirələrində iştirak edib.
TodayPress-in məlumatına görə, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva qonaqları
salamlayaraq iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsinin planetimizə
vurduğu zərərin miqyaslarını vurğulayaraq beynəlxalq ictimaiyyət tərəfindən
təcili tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib. Cənubi Qafqazda,
xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və
Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir
iştirakçılarına məlumat verildi.
Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA
İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə
bir sıra layihə və tədbirlər icra olunub. “Qafqazın Böyük Beşliyi”, zubrlar,
ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə
birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına
məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam
gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər
göstərməyə çağırıb.
Daha sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin
Prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların
koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik
haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit
Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları
ilə bağlı fikir və təkliflərinin iştirakçıları ilə bölüşüblər. Tədbirin
davamında hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və
ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA,COP29, todaypress.az,