Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi
Daxili siyasət
23.01.2025 20:35
Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva,
Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya
İqtisadi Forumu çərçivəsində keçirilən “İnnovasiya və əməkdaşlıq vasitəsilə
dayanıqlılığın sürətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər.
TodayPress xəbər verir ki, tədbirdə çıxış
edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər
dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd
edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə
olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su
ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir
ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra
canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq
növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər
suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının
vacibliyini vurğulayıb.
Həmçinin Xəzər dənizində müşahidə
olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların
mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA
tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı
tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı
gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə
verəcəyi qeyd olunub.
Çıxışının yekununda Leyla Əliyeva
Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və
təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini
vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və
digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış
etməyə, əməkdaşlıq qurmağa çağırıb.
Qeyd edək ki, dövrün ən aktual
problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri,
innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən
müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri
çıxış ediblər.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA , Xəzər,Davos, todaypress.az,