Leyla Əliyeva bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış etdi
Daxili siyasət
21.11.2024 20:17
Noyabrın 21-də Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) və Ümumdünya Təbiəti Mühafizə
Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində
“Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələri
təşkil olunub.
TodayPress xəbər verir ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin
açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların
müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının
populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun
yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ
qalmasını çətinləşdirir.
IDEA tərəfindən icra olunmuş çoxsaylı fəaliyyətlər, o
cümlədən ETSN və WWF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş
“Azərbaycanda bəbirlərin populyasiyasının bərpası” layihəsinin bəbirlərin
ölkəmizdə sayının artırılmasına verdiyi töhfə barədə layihə iştirakçılarına
ətraflı məlumat verilib. Leyla Əliyeva diqqətə çatdırıb ki, 2014-cü ildə
keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti Cənubi Qafqaz bölgəsində ekoloji
tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqətin artırılmasını təmin
edib. IDEA İB-nin təsisçisi və rəhbəri vurğulayıb ki, atılan addımların
sayəsində ötən illər ərzində Azərbaycan ərazisində 23 bəbir fərdinə rast
gəlinib.
Çıxışının sonunda Leyla Əliyeva bəbirlərin səmərəli
mühafizəsini təmin etmək məqsədilə qlobal səyləri daha da möhkəmləndirməyə
çağırıb.
Daha sonra WWF-in Avropa və Şimali Afrika üzrə regional
direktoru Ajay Barai, təşkilatın Azərbaycan ofisinin direktoru Elşad Əsgərov,
WWF-in Almaniya ofisinin direktoru Aurel Heidelberg, ETSN-in Bioloji
Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Beynəlxalq
Təbiəti Mühafizə İttifaqının pişikkimilər üzrə eksperti Tatjana Rosen və
“Ecocorridors Fund for the Caucasus” təşkilatının nümayəndəsi Jernej Stritih
çıxış ediblər.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA, COP29, todaypress.az,