İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təsdiqləndi
Daxili siyasət
29.12.2024 18:07
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
TodayPress xəbər verir ki, dəyişikliyə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.
Belə ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bundan başqa, ov etmək qaydalarını pozan şəxslərin də iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 272-1-cü maddəyə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.
Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər də cərimələnəcək.
Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.
tag: Prezident ,İlham Əliyev,İnzibati Xətalar Məcəlləsi,Dəyişiklik,Təsdiq,todaypress.az,