İlham Əliyev Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak etdi - YENİLƏNDİ - FOTO
Daxili siyasət
07.11.2024 13:12
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın
üçüncü hissəsinin açılışında iştirak edib.
Todaypress xəbər
verir ki, dövlətimizin başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən
parkda görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Mərkəzi
Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın
ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham
Əliyev açılışda iştirak edib.
Bildirildi ki,
növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam
abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası
yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış
tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər
görülüb.
Ümumilikdə
parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül
və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə
60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.
Mərkəzi Parkın
yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini
özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların
Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün
yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və
3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi
inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin
futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili
üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında
söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini
daha maraqlı etmək üçün mühüm rol oynayır.
İstirahət
parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması
zamanı burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər
arasında “Təndir Hamamı” kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki
simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı
təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt
örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri
quraşdırılıb və digər işlər görülüb.
Ümumilikdə Mərkəzi
Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma
və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman
Tağızadə küçəsində yerləşən İmam Hüseyn məscidinin mənzərəsi tam olaraq açılıb.
Beləliklə, Mərkəzi
Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə
salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl
istirahət guşələrindən birinə çevrilib.
Xatırladaq ki,
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində
həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb.
Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir
parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi
memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi
ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter
aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi
də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının
artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət
daşıyır.
***
10.20
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın
üçüncü hissəsinin açılışında iştirak edib.
tag: İlham Əliyev, Prezident, Açılış, Bakı, Mərkəzi Park, todaypress.az,