İlham Əliyev İran Prezidentinə təşəkkür etdi
Daxili siyasət
20.12.2024 21:06
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib.
TodayPress-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə
şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü
seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü
bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində
fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar
qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi
qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək
təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq
münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in
təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi
və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük
gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini
verəcəkdir.
Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban
qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin
xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da
möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə
edirəm.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
tag: İlham Əliyev, D-8, Qahirə, Prezident, Azərbaycan, İran, todaypress.az,