İlham Əliyev Cəbrayılda inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdi - YENİLƏNDİ - FOTOLAR
Daxili siyasət
04.10.2024 17:18
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl
şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə
köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
TodayPress xəbər verir ki, dövlətimizin
başçısı tədbirdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Cəbrayıl şəhərinin azad
olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları,
bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni biz dörd il
sonra bu gün Cəbrayılda qeyd edirik. Bildiyiniz kimi, mənim Sərəncamımla 4
Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Əminəm ki, bundan sonra biz hər
il bu gözəl günü qeyd edəcəyik.
Cəbrayılın azad olunmasının çox
böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan
azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki,
gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri.
Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı
xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq
göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq,
fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə,
Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir
göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu
yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə
başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin
azad edilməsi bu inamı daha da artırırdı.
Cəbrayıldan bir neçə gün sonra
uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır.
Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə
onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman
övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.
Hadrutdan sonra Füzuli əməliyyatı
oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və
Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra
daha sürətlə getmiş və qeyd etdiyim kimi, döyüş meydanında böyük yaşayış məntəqələrini
- Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın
rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə
bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi.
Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur
oldu.
Beləliklə, İkinci Qarabağ müharibəsi
tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman
övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc
nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara
bilmişdir.
Cəbrayılın inkişafı ilə bağlı dərhal
bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri
aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların
minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal
başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı
ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı
xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm.
Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya
qədər və oradan da Laçına qədər davam edir.
Digər infrastruktur layihələrinin
icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün
azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd
etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə
gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi
də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin
gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin
lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir.
Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa
edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də
istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin
birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.
Deyə bilərəm ki, azad edilmiş
torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir
başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu
keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər
genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş
planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə
tutulur. Dünən mən tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam.
Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və
bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar
qayıdacaqlar.
Amma bununla işlərimiz bitmir.
Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə
dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta
qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli
qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini
qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən
iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla
qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm
bütün infrastruktur - su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar,
eyni zamanda, məşğulluq.
Dünən təməlini qoyduğum müəssisələrin
fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha
genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək. Yəni, bütün bu işlər
bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur
düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Bizim bu görüşümüz də bu
dağıntılar arasındadır.
Mən tarixi Zəfərimizdən sonra
birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim
torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin
böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi,
qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar
ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Qalan bütün
şəhər, bax, bu cürdür və bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək
verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də
gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. Bizi
ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində
bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün
norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal
etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir,
bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi
bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı
olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular.
Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü
ildə dörd qətnamə qəbul edilmişdir. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi
ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr. Minsk qrupu nə ilə
məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət
qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti
bundan ibarət idi. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi
ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin
ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil
tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bax,
bütün bunları biz eşitmişik, həm rəsmi çıxışlarda, həm bağlı qapılar
arxasındakı təmas əsnasında. Bizim isə mövqeyimiz birmənalı, qətiyyətli idi və
dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə
həllini tapmasa, biz məsələni müharibə yolu ilə həll edəcəyik. Mənim sözlərim
bütün arxivlərdə vardır. Buna nə desələr yaxşıdır?! Müharibənin, bu münaqişənin
hərbi həlli yoxdur. Yəni, Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə
barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz
torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun
kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə
baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu
münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim
təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri
nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə
müstəqillik verilsin. Axı, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır,
yoxsa yox?! Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa,
Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa
edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya
verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli
idi? Axı, bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim insanlar – 1 milyon
insan evsiz-eşiksiz qalmışdır. Kim bizə kömək edirdi? Vaqonlarda,
yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu
dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik. Amma cavabı
biz harada görürük? Yenə də anti-Azərbaycan addımlarında. Bu gün səhər mənə məlumat
verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti
sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o
müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz.
Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O
müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir.
Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə
bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də
yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi
ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad
etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri.
Başqa yerlərdə də bütün Azərbaycan
kəndlərini bax, bu günə qoyublar. Məscidlərimizi dağıdıblar, heyvanxana düzəldiblər,
inək-donuz saxlayıblar. Qərbdə bir adam deyib ki, Azərbaycanın mədəni irsi
talan edilir, dağıdılır, təhqir edilir? Yox. Ancaq bizi nədə ittiham edirlər?
Guya biz hansısa tarixi irsi məhv edirik. Tamamilə əsassızdır. Amerika 1992-ci
ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi.
Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların
Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi
başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda
qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı.
Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu
sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var,
yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan,
biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna
görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa
etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu
götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas
günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan
öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi
saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə
bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir.
Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı
dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu
bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən
heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək
lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına
həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir.
Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə,
yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam.
Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur.
Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını
uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında.
Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər
Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı
altında. Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə
təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar.
Bu dağıntılar təbii ki, bir müddətdən
sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə
heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan
günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər
onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı
silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz
buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə
düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək
inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana
da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli
oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən
genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun
kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni,
dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər
çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat
buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri
ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa
çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa
etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər
yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən
və buna əməl edən səhv etməz.
Ermənistan təhlükəli oyunlara
qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın.
Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə
Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə
dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər
qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın.
Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik.
Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın
kökünü kəsmişik.
Əgər Cəbrayılı, şəhəri azad etmək
üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə,
separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik.
Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən
yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri
deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də
hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri
bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan
xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə
sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.
Bu gün biz azad edilmiş
torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə
və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq
Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və
bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük
Qayıdış Proqramını uğurla icra edirik.
Sizə isə mən burada xoşbəxt həyat
arzulayıram. Siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində
yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək.
Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var.
Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim
o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada
olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə
yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin
edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu
gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu
torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş
sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə,
xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm.
***
Sonra açarların təqdim edilməsi mərasimi
oldu.
Sakin Şəfiqə Hüseynova: Təşəkkür
edirik Sizə. Allah canınızı sağ eləsin. Cəbrayıl şəhərciyində yaşayanların
adından Sizə təşəkkür edirəm. Mən şəhid anası kimi yenə Sizə baş əyirəm. Bütün
şəhid analarının əlindən öpürəm. Onlar da Sizə təşəkkür edirlər.
Prezident İlham Əliyev: Sağ olun.
Açarların təqdim edilməsi mərasimindən
sonra çıxış edən sakin Məhəmməd Quliyev: Bu gözəl gündə, bu gözəl məkanda Cəbrayılımıza
qovuşmuşuq. Sizə xalqımızın adından, camaatımızın adından və öz adımdan dərin
minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Sizə də,
Mehriban xanıma da dərin təşəkkürümüzü bildirirəm. Allah şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə cansağlığı versin. Bu günü bizə nəsib etdiyinizə görə
Allah-taala Sizə bir daha uzun ömür, cansağlığı versin. Həmişə xalqımızın başı
üzərində olasınız. Həmişə Atanız Ulu Öndərimizin yolunu belə gözəl davam etdirəsiniz.
Sizə çox minnətdarıq. Sizə dərin təşəkkürümüzü bildiririk. Bizim üçün ən əziz
insan, hörmətin saxladığımız insan Sizsiniz. Bizim arxamızsınız,
dayağımızsınız. Allah Sizə yar olsun. Allah köməyiniz olsun. Heç vaxt
xalqımızın başı üstündən əskik olmayasınız. Minnətdarıq Sizə. Çox sağ olun, çox
razıyıq.
Prezident İlham Əliyev: Çox sağ
olun.
Sakin Bahar Ağayeva: Hörmətli cənab
Prezident, Ali Baş Komandanımız. Hörmətli Mehriban xanım. Bugünkü bu gözəl gündə,
əlamətdar gündə, bizim sevincli günümüzdə bizimlə birgəsiniz. Bundan qürur
duyuruq. Biz 31 ildən sonra ilk dəfə olaraq torpaqlarımıza qədəm qoymuşuq. Mən
buradan çıxanda 20 yaşım var idi, tələbə idim. Artıq bu gün gəlmişik. 2020-ci
ildə torpaqlar azad ediləndə biz baxırdıq, burada elə bil heç insan
yaşamamışdı. Evlərimizi xarabalığa çevirmişdilər. İndi artıq baxırıq, fəxr
edirik Sizinlə. Çox sağ olun ki, belə gözəl şəhərimizi abadlaşdırmısınız, bizim
üçün yeni Cəbrayıl qurmusunuz. Çox sağ olun, təşəkkür edirik. Cəbrayıllılar təhsilə
çox önəm verirlər, onlar üçün hava da təhsildir, su da təhsildir, qida da təhsildir.
Təhsilə çox yüksək önəm verdiyinizə, mənim orta təhsil aldığım və bu gün buraya
müəllim kimi qayıtdığım akademik Mehdi Mehdizadə adına məktəbi XXI əsrin bütün
tələblərinə cavab verən modern bir məktəb kimi inşa etdirdiyinizə görə Sizə
bütün cəbrayıllılar adından minnətdarlığımı, təşəkkürümü bildirirəm. Mehriban
xanım, şəhid ailələrinə, qazi ailələrinə, şəhid analarına böyük önəm verdiyinizə,
diqqət yetirdiyinizə, onların hüquqlarını qoruduğunuza görə Sizə bütün Cəbrayıl
camaatı adından dərin təşəkkürümü bildirirəm.
Var olsun Azərbaycan, var olsun
dövlətimiz! Azərbaycanın Bayrağı heç vaxt əyilməsin! Siz də bizim rəhbərimiz
olaraq daim yaşayasınız! Allah Sizə, ailənizə cansağlığı versin! “Dəmir
yumruğ”unuz həmişə möhkəm olsun! Diqqətiniz üçün təşəkkür edirəm.
Sakin Firidun Əliyev: Cənab
Prezident, mən də öz növbəmdə istərdim Sizə təşəkkürlərimi bildirim. Çünki
bizim Cəbrayıla qayıdışımızın birbaşa səbəbkarı Sizsiniz. İşğaldan azad olunmuş
ərazilərdə yaradılmış infrastrukturu gördükcə adamın ürəyi açılır. Bir də Siz
dediyiniz kimi, bu xarabalıqları görmək çox kədərlidir. Ancaq bu xarabalıqlara
da isti ocaqları gətirənlər məhz Sizsiniz. Ona görə də Sizə xüsusi təşəkkür
edirik.
Siz çıxışlarınızın birində
demişdiniz ki, dünyanın görmək istəmədiyi ədaləti biz bərpa etdik. Bəli, bu ədaləti
bərpa etdiyiniz üçün Sizə xüsusi təşəkkür edirəm.
Bir də məşhur bir frazanız var
idi, xalq arasında geniş yayılmışdı, o frazanın da cavabı artıq var ki, Cəbrayıla
yolu məhz belə çəkirlər. Sağ olun, təşəkkür edirəm, minnətdaram Sizə. Var olun!
Prezident İlham Əliyev: Sağ olun.
Tamamilə haqlısınız, yolu belə çəkərlər. Amma Cəbrayıla o yolun çəkilişi də, əslində,
bu işğalı əbədi etmək üçün göstərilən səylərin bir hissəsi idi. Ona görə Ermənistandan
Cəbrayıla yeni yol çəkmək istəyirdilər ki, sonra burada məskunlaşma getsin, Ermənistana
gediş-gəliş daha da asanlaşsın. Lakin bütün bu planları biz alt-üst etdik, Azərbaycan
xalqı alt-üst etdi, bütün dünyaya öz iradəsini göstərdi və bizim Qələbəmiz, əlbəttə
ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan
xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir. Ancaq, eyni zamanda, bu
Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda
birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz
köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən.
Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa
yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək
mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq
artacaq.
Bizim hərbi əməliyyatlarımızı bu
gün dünyanın aparıcı hərbi məktəblərində öyrənirlər. Dəfələrlə söhbətlər əsnasında,
yəni, hərbi işlərdən başı çıxan insanlarla görüşlər əsnasında, - mən xarici
nümayəndələri nəzərdə tuturam, - Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar,
o cümlədən Cəbrayıl əməliyyatı, 5-6-7 müdafiə xəttinin, minalanmış və
istehkamlarla təmin edilmiş o müdafiə xətlərinin hərbçilərimiz tərəfindən
aşılması onlarda böyük təəccüb doğurur. İlk növbədə, əməliyyatların
planlaşdırılması, əməliyyatların aparılması və eyni zamanda, sinəsini qabağa
verib, gülləyə verib müdafiə xətlərini yaran bizim döyüşçülərimizin qəhrəmanlığı
onlarda təəccüb doğurur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm
ki, bizi Qələbəyə aparan bizim milli ruhumuz olub.
Bütün bu amillər, deyə bilərəm ki,
dünyada Azərbaycana olan hörməti bəlkə də birə on artırıb. Bu gün biz dünya
miqyasında böyük hörmətə və nüfuza malik olan ölkəyik. Bu gün həm ölkə vətəndaşları
və eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar başlarını dik tutublar.
Dünyada milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan dilində danışan, Azərbaycan
dili ana dili olan soydaşlarımızın sayı 50 milyondan çoxdur. Bu Qələbə onların
da Qələbəsidir, onlar üçün də qürur mənbəyidir. Bu, əbədi belə olacaq. Biz bu
torpaqlarda əbədi yaşayacağıq. Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət
kimi əbədi yaşayacaq. Azad edilmiş torpaqlarda bütün buna oxşar gözəl binalar
inşa edilir və ediləcək. Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm
daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla
gedəcək. Mən buna şübhə etmirəm, əminəm, bizim siyasətimiz bunu diktə edir,
bizim potensialımız bunu göstərir. Bizim gücümüz - siyasi çəkimiz, iqtisadi
qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm.
Bu yaxınlarda mən bu barədə danışmışam, nə qədər böyük səylər göstərilib ki,
bizim döyüş qabiliyyətimiz daha da artsın. Baxmayaraq ki, İkinci Qarabağ
müharibəsi dövründə biz bütün dünyaya hərbi cəhətdən nəyə qadir olduğumuzu
nümayiş etdirdik. Bilin və Azərbaycan xalqı bilsin, o vaxtdan bu günə qədər
bizim hərbi qüdrətimiz daha da artıb. Əgər kimsə bizim qabağımızda durmaq
fikrinə gələrsə, yenə də peşman olacaqdır.
Bu gün, eyni zamanda, şəhər
günüdür və buradan orada quraşdırılmış səhnə də görünür. Bir azdan sonra sizi
bayram konserti də gözləyir. İnşallah, bundan sonra bu torpaqlarda ancaq
bayramları qeyd edək. Bir daha təbrik edirəm.
***
11.18
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl
şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə
köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
tag: Azərbaycan, Prezident ,İlham Əliyev ,Cəbrayıl ,Mehriban Əliyeva,todaypress.az,