İlham Əliyev Ağdam Sənaye Parkında yeni zavodların açılışında iştirak etdi - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 22:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 19-da Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların
açılış mərasimlərində iştirak edib.
TodayPress xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl
Cabbarov dövlət başçısına sənaye parkında görülən işlər barədə məlumat verdi.
Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin
inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. Bunun nəticəsidir
ki, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye
parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye
Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238
milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə
qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye
parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək
rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya
yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev sənaye parkında əvvəlcə
“BAFCO İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı
ayaqqabıların istehsalı zavodunun açılışında iştirak etdi.
Dövlət başçısına məlumat verildi ki, “BAFCO İnvest”
MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata
alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl
texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə
üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının
istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə
ümumilikdə 120 nəfər işlə təmin ediləcək. İşçilərin Ağdamdan və ətraf
rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə
malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü
isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin
yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
“BAFCO İnvest” MMC sənaye parklarında tətbiq olunmuş
idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər bir milyon manatdan
çox vəsaitə qənaət edib.
Dövlətimizin başçısı zavodu işə saldı.
***
Sonra Prezident İlham Əliyev “Eel Electric” Məhdud Məsuliyyətli
Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və
beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak etdi.
Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış
oldu.
Bildirildi ki, sənaye parkının 1,7 hektar ərazisində
“Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi
ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə
müəssisə fəaliyyət göstərəcək.
“Eel Electric” MMC 2022-ci ilin noyabr ayında Ağdam Sənaye
Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 3 milyon manatdan
çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Burada da işçilərin əsasən
Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd
aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik
avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək. İstehsal
olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı
planlaşdırılır.
“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş
idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə
qənaət edib.
***
Prezident İlham Əliyev Ağdam Sənaye Parkının rezidentlərindən
biri olan “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma
və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında da iştirak etdi.
Məlumat verildi ki, “Rail Trans Service” MMC 2022-ci
ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail
Trans Service” MMC sənaye parkının 1,6 hektar ərazisində “Avtomatlaşdırma və
telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək.
İnvestisiya dəyəri 8,92 milyon manat olan müəssisədə
60 nəfər işlə təmin ediləcək. İşçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb
edilməsi nəzərdə tutulur.
Zavodun illik istehsal gücü 5 min ədəd rabitə və işarəvermə,
250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal
olunan mallar daxili və xarici bazarlar üçün nəzərdə tutulub.
“Rail Trans Service” MMC sənaye parklarında tətbiq
edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 70 min manata
yaxın vəsaitə qənaət edib.
***
Daha sonra dövlətimizin başçısı “Mister Decor” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodunun açılışında
iştirak etdi.
Bildirildi ki, “Mister Decor” MMC-yə 2022-ci ilin
oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Ərazisi 1,6 hektar olan müəssisədə divar kağızlarının
istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi
Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. İllik
gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin
işlə təmin edilməsi nəzərdə tutulur.
Alman texnologiyasından istifadə edilən müəssisədə
istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə
ixracı da planlaşdırılır.
“Mister Decor” MMC sənaye parklarında tətbiq edilmiş
idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox
vəsaitə qənaət edib.
Dövlətimizin başçısı zavodu işə saldı.
***
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında, həmçinin
“Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə
avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak etdi.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, layihə çərçivəsində havalandırma, yanğınsöndürmə
avadanlıqları və müxtəlif metal məmulatları istehsal ediləcək.
MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının
rezidenti kimi qeydiyyatdan keçib. Müəssisə üçün sənaye parkında bir hektar ərazi
ayrılıb.
Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq
olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır.
Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə
təmin edilməsi nəzərdə tutulur.
Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının
ödənilməsinə yönəldiləcək.
Digər istehsal müəssisələri kimi, “Metkons” MMC də sənaye
parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər
91 min manatdan çox vəsaitə qənaət edib.
***
Dövlətimizin başçısı, eyni zamanda, parkın rezidenti
“Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı
zavodunun açılışında iştirak etdi.
Bildirildi ki, layihə çərçivəsində dam və fasad örtülməsi
üçün nəzərdə tutulmuş profilli təbəqələrin, metalkirəmit plitələrin, sendviç
panellərin və müxtəlif dam örtüyü aksesuarlarının istehsalı təşkil ediləcək.
Qeyd olundu ki, “Prof-Dam” MMC 2022-ci ilin aprelində
Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki
hektar ərazidə yaradılan müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya,
Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi
ilə həyata keçiriləcək.
İnvestisiya dəyəri 8,5 milyon
manat olan müəssisədə 40-dək iş yeri yaradılacaq. Bu müəssisədə də işçilərin
Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
Zavod ildə 1.4 milyon
kvadratmetr profilli təbəqələrin, 1 milyon kvadratmetr metalkirəmit lövhələrin,
1 milyon kvadratmetr sendviç panellərin, habelə 2 min ton dam aksesuarı
istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli bazar, 10
faizi isə xarici bazar üçün nəzərdə tutulub.
Prezident İlham Əliyev zavodu
işə saldı.
****
13.10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Avtomatlaşdırma və
telemexanika sistemlərinin istehsalı zavodunun, Elektrik paylayıcı
avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı
zavodunun, Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları
istehsalı zavodunun, müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun,
Divar kağızları istehsalı zavodunun, Dam örtükləri istehsalı zavodunun
açılışında iştirak edib.