İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin açılışında iştirak etdi - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 23:07
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin
bərpadan sonra açılışında iştirak edib.
TodayPress xəbər verir ki,
mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına görülən işlər barədə
məlumat verib.
Qeyd edək ki,
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş
tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın
sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk
mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan
saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda
olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın
imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Qarabağ
xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə
hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi
Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli
şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşib.
Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı
qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra
qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və
Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bədnam qonşularımız tərəfindən
dağıdılıb.
Prezident İlham
Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli
və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat
işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi
üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ
atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.
Kompleksdə
yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan
Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda
müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili
nəzərdə tutulur.
Dövlətimizin
başçısı Qarabağ atlarına baxıb.
Bildirilib ki, hazırda kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb.
Qeyd olundu ki,
Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn
qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin
xidmətlərindən istifadə edə bilərlər.
Məlumat verilib ki, işğaldan əvvəl kompleksin ətrafında müxtəlif növ ağaclardan ibarət yaşıllıq
zonası mövcud olub. İşğal zamanı digər ərazilərimizdə olduğu kimi, burada da
düşmən tərəfindən ekoloji terror həyata keçirilib. Kompleksin qarşısındakı dörd
qədim çinar və digər ağaclar məhv edilib.
Prezident İlham Əliyev həmin tarixi çinarların yerində ağac əkib.
Sonda xatirə
şəkli çəkdirilib.
***
14:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.
tag: Prezident, İlham Əliyev ,Ağdam ,İmarət Kompleksi ,Bərpa ,todaypress.az,