İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi - YENİLƏNDİ - FOTO
Daxili siyasət
24.12.2024 14:46
Dekabrın 24-də
2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
TodaPress xəbər
verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham
Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə
çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Əziz idmançılar, əziz
dostlar.
İlk növbədə, Azərbaycan
idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm.
2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları
beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal
qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil
idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif
beynəlxalq yarışlarda təsdiqləyir.
Əlbəttə ki, ilin ən
böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə
etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında
iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan
30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox
milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq
çox böyük nailiyyətdir.
Onu da deməliyəm
ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki,
dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir.
Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq
ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Təbii ki, bu gözəl
nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik.
İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə
ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da
ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır
və uzun illər ərzində aparılır.
İdman cəmiyyətimizin
ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük
rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc
nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu
Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak
edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər.
Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır.
Gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi
hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və
şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə
də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və
əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər,
fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç
bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə
ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu
məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki,
biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.
Əminəm ki, bu dəfə
idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə,
idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə
dövlətimizin gücünü bir daha göstərdi.
Bizim bundan
sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün
lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar,
idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət
göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Ümid edirəm ki,
bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər
də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər
bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb.
Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və
bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur. Müxtəlif bölgələrdə,
o cümlədən Qarabağ bölgəsində, Bakı şəhərində ən müasir idman infrastrukturumuz
vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını
keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay
Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında
keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin -
Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik,
bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min
qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi
qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı.
Bölgələrdə isə
dediyim kimi, bundan sonra da bu işlər aparılacaq. O ki qaldı, azad edilmiş ərazilərə,
siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı,
keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu
da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab
edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası,
həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun
çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq
standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman
Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq
beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı
keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi
hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir
edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi
stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da
bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması
prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman
qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik.
Gələn il Azərbaycan
növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Üçüncü
MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas
oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi
olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir.
Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman
Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional
standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında
7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə
müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi.
Gəncə şəhərində isə
7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə
ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Gələn ildən
başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər
infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi
binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim
qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş
coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim
etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu
Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr
göstərəcəklər.
Biz ilin sonunda,
ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik -
dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir.
Çünki mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox
yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf
edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil
edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm
idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər
və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və
bu da ədalətlidir.
Hər yerdə ədalət
olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə.
Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi
bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir
Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə
idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq
nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi
inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə
əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan,
heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir
və bu, bizim böyük sərvətimizdir.
Bu gün dünyada gedən
proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi
ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi
- bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar
birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim
tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan
sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır
və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.
O ki qaldı, Qarabağ
və Şərqi Zəngəzur bölgələrinə, mən bilirəm ki, bizim idmançılarımız müntəzəm olaraq
o bölgələrə səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib. Onların böyük
hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər
böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli
idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də,
uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları
öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan
idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər
çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada
yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra
etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq.
Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan
onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl,
rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm
odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada
həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki
seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir.
Əziz dostlar, sizi
uğurlar münasibətilə bir daha təbrik edirəm. Qarşıdan Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü gəlir, Yeni il gəlir. Bu bayramlar münasibətilə də sizi təbrik
edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra Azərbaycanda
idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin
mükafatlandırılması mərasimi oldu.
***
13.29
Dekabrın 24-də
2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
TodayPress xəbər
verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham
Əliyev mərasimdə iştirak edib.
tag: İlham Əliyev,Prezident,Milli Olimpiya Komitəsi,İdman,Yekun,todaypress.az,