İcma: Ermənistan təhlükəli siyasətdən əl çəkməsə, Qərbi Azərbaycan hökuməti təsis edəcəyik
Daxili siyasət
03.09.2024 21:46
Sentyabrın 2-də Ermənistanda revanşist
qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və
ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki
havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan
dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüqüqunu danmasını kəskin
şəkildə pisləyirik.
TodayPress xəbər verir ki, bu, Qərbi Azərbaycan
İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda qeyd olunub ki, İcma son vaxtlar bir neçə dəfə
Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan
qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib:
"Görünən odur ki, Ermənistan hökuməti nəinki bu
addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara
rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi
bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə
verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər
nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə
rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu
təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi
Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu
xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış”
komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət
ünvanlayacağıq".
tag: Qərbi Azərbaycan,Ermənistan,Azərbaycan,Qarabağ,todaypress.az,