"Ermənistanın verəcəyi mina xəritələri həqiqəti əks etdirməyəcək" – Deputatdan açıqlama

Daxili siyasət

26.06.2024 16:13

Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi və ərazi bütövlüyünün bərpasına nail oldu. Postmüharibə dövründə Qarabağa qayıdışı ən çox ləngidən iki amil var. Bunlardan birincisi həmin ərazilərin ermənilər tərəfindən talan edilməsi, bütün kənd və şəhərlərdəki evlərin, infrastruktur layihələrinin darmadağın edilməsi, ikincisi isə işğaldan azad edilmiş torpaqların minalarla dolu olmasıdır. 

Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, ikinci Qarabağ savaşı bitdikdən sonra 363 nəfərin mina qurbanına çevrilməsi bizə bu problemin miqyasının nə dərəcədə böyük olmasından xəbər verir.

“Azərbaycan dövləti ərazilərin minadan təmizlənməsi ilə bağlı ötən müddət ərzində çox böyük işlər görüb. Ancaq təəssüflər olsun ki, mina xəritələrinin Azərbaycana vaxtında verilməməsi və ya yanlış xəritələrin təqdim edilməsi bu problemin sürətli həllinə maneə yaradır”. 

Ermənistanı məsuliyyətsizlikdə ittiham edən Naqif Həmzeyev bildirdi ki, İrəvanın sülh müqaviləsi imzalandıqdan sonra təqdim edəcəyi xəritələr də, indiki kimi həqiqəti əks etdirməyəcək. 

“Çünki onlar bu xəritələri ya təhrif ediblər, ya da həqiqi xəritələri ortaya çıxarmaq istəmirlər. Həqiqi xəritələri ortaya çıxarsalar, bizə verdikləri xəritələrin yalan olduğunu özləri də, qəbul etmiş olacaqlar. Bu baxımdan da düşünürəm ki, ermənilər sülhdən sonra da bizə həqiqi mina xəritələrini verməkdən boyun qaçıracaqlar. Azərbaycan artıq Ermənistanın həqiqi xəritələri verməsindən ümidini üzüb. Minadan təmizləmə prosesini özü mərhələli şəkildə həyata keçirir. Çox ağır bir proses olsa da, çoxlu pul xərclənsə də, Azərbaycan dövləti bunu edir”.

Qeyd edək ki, 2020-ci ilin noyabrından etibarən azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 363 nəfər xəsarət alıb. Onların 69-u ölüb. Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.

Günəş Mərd

tag: Azərbaycan, Ordu, Qarabağ, Ərazi, Mina, todaypress.az,

photo