Elmar Nəsirov: “20 Yanvar hadisələrində zərərçəkənlərə xüsusi diqqət və qayğı göstərilib”
Daxili siyasət
20.01.2025 13:05
“Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib”.
Millət vəkili Elmar Nəsirov bu barədə TodayPress-ə danışarkən bildirib.
O, diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib:
“Hələ ötən əsrin 90-cı illərində Ulu Öndərin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılıb. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi və bu faciə ilə bağlı əlilliyi olan şəxslərin sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil və bu kateqoriyadan olan əlillərə 100-dək avtomobil təqdim edilib. 2023-cü ildən 20 Yanvar şəhidlərinin ailələrinə ödənilən Prezidentin aylıq təqaüdünün məbləği 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, həmçinin əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270, 220 və 150 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub”.
Deputat qeyd edib ki, ötən beş il ərzində Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artırılıb.
“20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb” deyə parlamentari əlavə edib.
Töhfə Səməd
tag: Elmar Nəsirov, 20Yanvar, Anım günü, Təhlil,Şərh,todaypress.az,