“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”yə dəyişiklik edildi
“Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiya haqqında Əsasnamə”yə dəyişiklik edilib.
TodayPress xəbər verir ki, bununla bağlı
Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, komissiyanın funksiyalarına aşağıdakı
bənd əlavə olunub:
- dövlət sirri təşkil edən məlumatların yayılması
nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın
kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin
layihələrinə rəy bildirir.
Bununla yanaşı, İdarələrarası Komissiyanın sədrinin
vəzifələri artırılaraq aşağıdakı kimi təsnif edilib:
"İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir
və ona rəhbərlik edir;
İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun
icrasına nəzarət edir;
İdarələrarası Komissiyanın iclaslarının gündəliyini
müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
İdarələrarası Komissiyanın qərarlarını, iclas
protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər
sənədləri imzalayır;
İdarələrarası Komissiyaya daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
dövlət orqanlarından (qurumlarından), yerli
özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın
fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;
İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən
idarələrarası ekspert qrupları yaradır;
müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə
və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat
işlərinin aparılması üçün cəlb edir;
Azərbaycan Respublikası Prezidentinin razılığı ilə
Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin
işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
Katibliyin fəaliyyətinə nəzarət edir;
işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini
və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam
tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis
etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;
qanunlarla, həmçinin Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və
hüquqlardan istifadə edir".
Bununla yanaşı, Əsasnamənin 9-cu hissəsi də yenilənib:
"İdarələrarası Komissiyanın iclasları sədr
tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.
Növbədənkənar iclaslar İdarələrarası Komissiya sədrinin
və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.
İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə
ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda
iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri
yazılı surətdə təqdim edilə bilər.
İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq
səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol
verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya
sədrinin səsi həlledici hesab edilir.
İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul
edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə
edilir".
tag: Dövlət Sirri, İlham Əliyev, Prezident,Əsasnamə, Komissiya, todaypress.az,