Deputatlar Ceyhun Bayramova müraciət etdilər
Daxili siyasət
05.10.2024 20:09
Milli Məclisin deputatları Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramova müraciət ediblər.
TodayPress xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli cənab nazir,
İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh
və sabitlik üçün əsas yaranmışdır. Otuz illik işğala və haqsızlığa son qoymuş
Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn
aliliyini təmin etmişdir.
Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin
həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü
il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra
həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi
barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın
beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin
sübutudur.
Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam
edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə
fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.
Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr
Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana
hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr
Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi
Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.
Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən
müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz
yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı
kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub
yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən,
böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa
buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət
qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin
rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Saxta əsaslarla insan hüquqları və beynəlxalq
humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən
müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif
bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak
olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses
olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm
vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin
İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin
ABŞ-dir.
Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz
məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal
altında qalmasına çalışmışdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş
ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri
dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir.
ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.
2020-ci il Vətən Müharibəsindən sonra başlanan və ötən
ildən intensivləşən bu hücumlar, ABŞ-nin Azərbaycan Respublikasının ərazi
bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan
xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə
yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif
ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad
etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz”
kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm
vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünə hörmətdən danışmamışlar.
Azərbaycanı “etnik təmizləmə”də ittiham edən
konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya
edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı
müraciətlərə heç bir reaksiya vermir?
Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin
məqaləsini Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər. Azərbaycanı sülh
müqaviləsini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər nədən sülh
müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini, elə onun mətninin də məhz
Azərbaycan tərəfindən tərtib edildiyini “yaddan” çıxarır, Ermənistan
Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer almasını
pisləmirlər?
“Azərbaycanda həll olunmamış ərazi münaqişələri”
dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunmuşdur.
Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmişdir və
Azərbaycandan min kilometrlərlə uzaqlarda oturanların fərqli fikirləri reallığı
dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönmüşdür və
reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir,
öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır.
Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq
Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir,
Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür
çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə
qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu
caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi
bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!
Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi
Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə
törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi
caniləri mühakimə etməmiş, əksinə onları qəhrəmanlaşdırmış bir ölkədir.
Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə
ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş
etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə
tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutmuşdur. Azərbaycan
daha çox ABŞ-ni maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə
əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-nin xahişi ilə NATO-nun əməliyyatlarına
töhfə vermiş və həmin əməliyyatlarda ləyaqətlə iştirak etmişdir. Bir sözlə,
Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər
qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə
davranmışdır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın
məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa
etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci
düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası
kəsilmir. Bu həmin ABŞ-dir ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın,
Laçının işğal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya
tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən
törədilən müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən
və işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının
qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına,
Azərbaycanın yüzlərlə şəhər və kəndinin viran qoyulmasına və ərazilərimizdə
milyonlarla minanın basdırılmasına göz yummuşdur. ABŞ faktiki olaraq
Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq etmişdir.
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad
edərək münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişəni yenidən alovlandırmaq
üçün hərəkətə keçmişdir. ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər
Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində
Ermənistanın yenidən silahlanması təmin edilmiş və bu ölkəni sülh
danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa
İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə
faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir. Bununla da ABŞ
Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xəttlər yaradır.
Bu kontekstdə, ABŞ Konqresi üzvlərinin dövlət katibi
Entoni Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan
şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam
etdirmək əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir
tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli
münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik
ki, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatmışdır. Dövlət
Departamentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran
konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr
bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun
əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir
edə bilməz. Əksinə bu kim əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə
enən nüfuzunu daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının
ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir.
Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr
həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir.
Bununla əlaqədar olaraq, Sizdən Azərbaycan və ABŞ
arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımları
həyata keçirməyi xahiş edirik:
- Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
- Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
- ABŞ-nin
Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət
təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin
dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in
ölkəmizdəki fəaliyyətinə son qoyulması.
tag: XİN, Deputat, USAİD, ABŞ, Milli Məclis,