Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə etdi
Daxili siyasət
25.08.2024 21:06
Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri
vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş
tutub.
TodayPress bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə
istinadən bildirilib.
Telefon danışığı zamanı Azərbaycan və İran arasında
mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə
olunub.
Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam
Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik
edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas
Araqçını ölkəmizə səfərə dəvət edib.
Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən
iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə
layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair
razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət
Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və
arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycan
Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin işinin bərpa
olunmasından məmnun olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında
əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam
etdirilməsinin vacibliyi vurğulanıb.
tag: Ceyhun Bayramov, XİN, İran, Seyid Abbas İSlam Araqçı,todaypress.az,