Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməli qoyuldu - YENİLƏNDİ
Daxili siyasət
03.10.2024 18:13
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında
yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.
TodayPress xəbər verir
ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci
xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident
İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli
istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin
sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə
uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri)
yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.
İşğaldan azad edilmiş
torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq
imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan
potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi
resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi
yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit,
turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını
artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi,
Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış
imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını
genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz
bu məqsədə xidmət edir.
Dövlətimizin başçısının
2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi
Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi
Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə
satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər
texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Ərazisi 200 hektar olan sənaye
parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu
da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye
Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.
Sənaye parkının hazırda
13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq
Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin
yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye
Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş
yeri yaradılıb.
Rezidentlər tərəfindən sənaye
parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının,
tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların,
dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların
istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək,
logistik mərkəz inşa olunacaq.
Hazırda “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd
təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.
***
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva sənaye parkında əvvəlcə Litvanın “Dominari” şirkətinin
mebel klasterinin təməlqoyma mərasimində iştirak etdilər.
Məlumat verildi ki,
Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının
rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Parkının 10 hektar ərazisində
5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə
tutulur.
İlkin mərhələdə döşək
istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və
mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq
fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox
olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl
və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
Şirkət ildə 6 min ton
elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin, döşəklər, divanlar və
çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel
komponentləri istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda
satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Qeyd edildi ki, Litvanın
“Dominari” şirkəti qısa müddət ərzində Baltikyanı ölkələrin və Şərqi Avropanın
aparıcı mebel istehsalçılarından birinə çevrilib. Hazırda şirkət 2 min işçi və
200-dən çox korporativ müştəri bazasına malikdir.
Prezident İlham Əliyev
“Dominari” şirkətinin mebel klasterinin təməlini qoydu.
***
Sonra dövlətimizin
başçısı və birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma
mərasimində iştirak etdilər.
Məlumat verildi ki,
“Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində
yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar)
və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 7,8
milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə
tutulur.
İstehsal gücü 1 milyon
250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili
bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından
istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Dövlətimizin başçısı
zavodun təməlini qoydu.
***
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Sənaye Parkında, həmçinin “Prestij-Kimya”
MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.
Bildirildi ki, şirkət Sənaye
Parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların
istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon
manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.
Türkiyənin, Çinin,
Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə
il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların
istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların
daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Dövlətimizin başçısı
zavodun təməlini qoydu.
tag: Prezident, İlham Əliyev, Cəbrayıl,Araz Vadisi İqtisadi Zonası, todaypress.az,