Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
18.10.2024 00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası
Günüdür.
TodayPress xəbər verir ki, 1991-ci il oktyabrın
18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal
Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək
haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli
bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının
müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika
qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi öz müstəqilliyini bərpa edib.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan
Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd
Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli
dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli
plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə
həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü
haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət
Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər
il bayram kimi qeyd olunan iş günüdür.
tag: 18 Oktyabr, Müstəqillik Günü, İlham Əliyev, Prezident, Üzeyir Hacıbəyov, todaypress.az,