Bu gün Azərbaycanda “sükut günü”dür

Daxili siyasət

31.08.2024 08:48

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar avqustun 31-i Azərbaycanda “sükut günü”dür.

TodayPress xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar son gündə seçkiqabağı təşviqat aparıla bilməz.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və proses avqustun 31-i saat 8:00-da dayandırılmalıdır.

Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

tag: Milli Məclis ,Seçki, Azərbaycan, Parlament, Namizədlər, todaypress.az,